azmaison.fr
 
 


AZƏRBAYCAN DÖVLƏTİ
İQTİSSADİYYAT
TARİX
MƏDƏNNİYYƏT
SOSİAL SAHƏ
MASS-MEDİA
DİASPORA
TURİZM
İDMAN
TƏBİƏT VƏ EKOLOGİYA
MƏTBƏX
LİNKLƏR




MUSİQİ

        1        2        3        4        5        6        7

Azərbaycanın Urməvi (XIII əsr), Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Nəvvab (XIX əsr) kimi məşhur ensiklopedist alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi barədə danışılmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
Azərbaycan musiqi sənətinin ayrılmaz və önəmli hissəsini qədim ənənələrə məxsus zəngin musiqi folkloru təşkil edir. Dərin məzmuna, bədii kamilliyə, janr çeşidliyinə malik musiqi folkloru Azərbaycan xalqının tarixini, həyatını, lirik və qəhrəmani hisslərini, istək və arzularını ifadə etmiş, adət və ənənələrini əks etdirmişdir. Musiqi folklorunun ən qədim sahəsi olan mahnılar mövzu rəngarəngliyi ilə seçilmiş, insanların əmək fəaliyyətini müşayiət etmiş məişəti ilə bağlı olmuş, müəyyən tarixi dövrlərdə xalqa haqsızlıqlarla mübarizədə dəstək kimi ictimai funksiya daşımışlar.
Qədim insanların ilk nəğmələri əmək prosesində yaranmışlar. Əməyi ritmikləşdirmək və yüngülləşdirmək məqsədilə oxunan nəğmələr sadə, qısa mahnıvari intonasiyalar, əmək prosesində təkrar olunan hərəkətə uyğun kiçik melodik- ritmik kəsiklərdən əmələ gəlmişlər. Əmək nəğmələri özləri bir neçə qrupa bölünürlər: "holavarlar", "sayaçı nəğmələri", "balıqçı nəğmələri", "hana nəğmələri" və s. "Çoban", "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çək şumla yeri", "Şum nəğməsi" kimi qədim holavarların səs diapazonları kiçik olub, reçitativ tipli melodiyaları ara-sıra işlə əlaqədar deyilən nidalarla ("ha-ha-ha", "o-ha", "ho-ho-a") kəsilir. Bir çox əmək nəğmələri kollektiv şəkildə oxunur və bəzən rəqslə müşayiət olunurdu (Lənkəran, Masallı zonası).
Mahnıların qədim növlərinə mərasim nəğmələri də daxildir ki, onlar mövsüm mərasimi və məişət mərasimi nəğmələrinə bölünürlər. Mövsüm mərasimi nəğmələrində ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz əksini tapırdı. Bu mahnıların bir qrupu yazın gəlişi ilə, Novruz Bayramı ilə bağlı yaranmış, "günəşin çıxmasına", "bayram xonçasına" və s. həsr edilmişlər: "Günəş çıx, çıx, çıx!", "Səməni", "Kos-kosa" və s. Bu mahnıların mətnini bayatılar təşkil edirdi. "Xıdır" və "Qodu-qodu" mövsüm mərasimlərində oxunan nəğmələr də məşhur idi.
Məişət mərasim mahnıları xalqın toy, doğum, yas mərasimlərini müşayiət etmişlər. Adət-ənənələrinin rəngarəngliyi, mahnı və rəqslərinin zənginliyi ilə fərqlənən toy mərasimləri Azərbaycan folklorunda xüsusi yer tuturlar. "Yol açın gəlin gəlir", "Xoş gəldin", "Xonça mahnısı" "Verin bizim gəlini" "Aparmağa gəlmişik" və b. toy mahnıları rəngarəng intonasiya çalarlarına, müxtəlif bəzəklərdən hörülmüş melodik xəttə və aktiv rəqsvari ritmikaya malikdirlər.
Yas və dəfn mərasimlərində ağılar, oxşamalar, mərsiyələr oxunardı. Qədim ağıların mətn əsasları qədim oğuz dastanlarından götürülmüş, sonralar isə ağıların bayatı şəkilli formaları yaranmışdır. Mərsiyələrin mətnləri əruz vəznində olub, klassik ədəbiyyatdan götürülürdü (Füzuli, Şüai, Raci, Qüdsi və b.). Matəm mahnıları qəm, kədər ifadə edib ağlama ilə bağlı olduqlarından melodiyalarının intonasiya əsasını "ağlama", "inilti", "zarıma" təşkil edirdi.
Azərbaycan musiqi folklorunda tarixi-qəhrəmani mahnılar nisbətən gec yaranmış, onlarda xalqın tarixi ilə bağlı müxtəlif hadisələr öz əksini tapmış, qəhrəman oğulları tərənnüm edilmişlər. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd, Həcər haqqında nəğmələr bu qəbildəndir. "Piyada Koroğlu", "Qaçaq Nəbi", "Atlı Koroğlu", "Qaçaq Kərəm", "Kərəmxan Sərtib" kimi mahnılarda tarixi-qəhrəmani janrın xüsusiyyətləri müxtəlif səviyyələrdə təzahür edir. Onların mətn əsaslarını aşıq ədəbiyyatının gəraylı, qoşma, müxəmməs kimi formaları təşkil edir. 20-ci yüzilliyin əvvəllərində yüksələn inqilabi hərəkatla bağlı Səttərxana, Qatır Məmmədə həsr edilmiş mahnılar yaranır.
Mahnı yaradıcılığının məzmun, musiqi düzümü baxımından zəngin və rəngarəng hissəsini lirik mahnılar təşkil edir. Onlarda xalqın gündəlik həyatı, hiss-həyəcanları, ailə münasibətləri əks edilmişdir. Müxtəlif obrazlarla əlaqədar mahnıların melodik inkişafı daha geniş vüsət almış, nəfis bəzəklərlə aşılanmışdır. "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar", "Laçın", "Küçələrə su səpmişəm", "Aman ovçu" və b. məhəbbəti, təbiəti vəsf edən lirik mahnılardır. Xalq həyatında yumorlu ("Çalpapaq") və satirik ("Aman nənə", meyxanalar) mahnılar da mühüm yer tuturlar. Xalq mahnılarının melodikası üçün variant dəyişkənlik, sekvensiya üsulu ilə inkişaf, istinad pərdələri ətrafında gəzişmə, zəngin melizmatika xasdır. 6/8, 3/4, 2/4 vəznləri daxilində mətn əsası ilə bağlılıqdan irəli gələn müxtəlif bölgü qruplaşmaları qeyd edilir, sinkopalardan istifadə edilir.
Xalq mahnı yaradıcılığının mühüm qolu olan uşaq musiqi folkloru özündə böyüklərin uşaqlar üçün oxuduqları mahnıları (laylalar, oxşamalar, beşik nəğmələri və b.), həm də uşaqların özləri ifadə etdikləri mahnıları ("düzgülər", "sanamalar", "uşaq lirik mahnıları") birləşdirir. Bəzi əmək mahnıları ("Zəhmətin işığı", "İş başına", "Tutu nənəm" və b.) tədricən böyüklərin folklorundan uşaqlara keçmişdir.
Azərbaycan xalq musiqisinin önəmli tərkib hissəsini rəqs musiqisi təşkil edir. Rəqslər xalqın həyatı ilə bağlı olub, müxtəlif məqamlarda onu müşayiət ediblər. Xalqın məişətində böyük yer tutan rəqs sənətinin yaranma tarixi barədə "Avesta", "Kitabi Dədə Qorqud" və b. ədəbi mənbələrdən, Qobustandakı qayaüstü rəsmlərdən və digər maddi-mədəni abidələrdən məlumat alırıq. Qədim rəqslər müxtəlif ayin və mərasimlərdə insan duyğularının ifadəçisi olmuş, əmək fəaliyyətini yüngülləşdirmək funksiyası da daşımışlar. Orta əsr rəqsləri xalq və professional növlərinə bölünmüş, vokal, instrumental və vokal-instrumental müşayiətlə kütləvi ("Yallı", "Cəngi", "Ovçular rəqsi"), ya da fərdi surətdə qadınlar ("Arı rəqsi"), kişilər tərəfindən ifa olunmuşlar.
Ənənəvi rəqslər xalqın məişəti ilə bağlı olub mərasim, etiqad və toy, bayram rəqslərinə bölünürlər. Onlar xalqın adətləri, ayinləri ilə əlaqədar olub, Şəbih tamaşalarında, təqvim mərasimlərində ("Novruz bayramı", "Səməni rəqsi") ifa olunurdular. Toy şənliklərində isə bəyin fiziki kamilliyini, qəhrəmanlığını göstərən cəld templi "Qaytağı", "Qoçəli", "Qazağı" və s., qadınların zərifliyini ifadə edən "Uzun dərə", "Yüz bir", "Lalə" rəqslərindən istifadə edilirdi.
Xalq arasında kütləvi rəqslər geniş yayılmışdır. Onların çoxu əmək prosesi, məişət mərasimlərini müşayiət edirlər. "Halay", "Yallı", "Cəngi" bu qəbildəndir. Kütləvi rəqsin qədim növü olan yallılar toy və el şənliklərində instrumental ansamblın (iki zurnaçı və nağaraçıdan ibarət), yaxud mahnının müşayiəti ilə ifa olunur, öncə ağır tempdə başlanır, getdikcə yeyinləşir. Vaxtilə yüzdən artıq "yallı" havası olmuşdur: "Çolağı", "Üç addım", "Qaz-qazı", "Köçəri", "Əl yallası" və b. Xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən "yallı"lar 2-3 hissədən ibarət olur, ağır, mülayim, iti templərdə, bəzi hallarda variasiya şəklində ifa edilir.
Kütləvi rəqs-mahnı janrı olan "Halay" bir neçə rəqs-mahnıdan ibarət vokal-xoreoqrafik formadır. "Halay"ın mahnıları əmək, məişət, sevgi mövzusunda olur. Müasir dövrdə "Halay" toylarda yalnız qadınlar tərəfindən ifa olunur. "Halay" mahnılarının mətni əsasən bayatılardan ibarətdir. "Həsiri basma, dolan gəl", "Ay lo-lo", "Basma, basma tağları" kimi halay mahnı-rəqsləri bu qəbildəndir. Naxçıvan MR-da geniş yayılmış kütləvi oyun- rəqslərdən biri də əsasən qadınlar tərəfindən ifa olunan "Naxışta"dır. Kütləvi rəqslərə aid olan "Cəngi" isə qəhrəmanlıq, cəngavərlik mövzusu ilə bağlı olub, əsasən, kişilər tərəfindən ifa edilir.
Məişət rəqslərinin məzmunu insanın müxtəlif duyğuları, əməyi, həyatında baş verən hadisələr ilə bağlıdır. Onların lirik, məzəli, idman, uşaq rəqsləri kimi növləri var. Lirik rəqslər bu janrın ən geniş yayılmış qoludur, ("Vağzalı", "Turacı", "Naz elmə", "Uzun dərə", "Tərəkəmə"). Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. "Vağzalı" ənənəvi toy rəqsidir ağır tempdə gedir. Lirik və oynaq melodiyası olan "Tərəkəmə" kişi və qadınlar tərəfindən solo ifa edilir. "Qıtqılıda", "Qıd-qıdı", "Məzhəkəli rəqs" - məzhəkəli rəqslərin, "Koroğlu cığatayı", "Cəngi", "Qılıncla rəqs", "Süvarilər rəqsi"- hərbi-qəhrəmanlıq rəqslərinin, "Zorxana", "Cıdır", "Kəndirbazlar oyunu", "Güləş" idman rəqslərinin maraqlı örnəkləridir.
Azərbaycan xalq rəqslərinin melodiyasını simmetriklik, müxtəlif istiqamətlərdə hərəkət, diapazon dairəsinin çeşidliyi, variasiya, sekvensiya, təkrar yolu ilə tədrici inkişaf səciyyələndirir. Lad əsası zəngin olub, yeddi əsas diatonik və xromatikləşmiş məqamların səs sıralarına istinad edir. Xalq rəqs melodiyalarına 4/4, 3/4, 2/4, 6/8, 3/8 musiqi ölçüləri xasdır, lakin bu vəznlərdən ən geniş yayılmışı 6/8-dir. Rəqs melodiyaları forma cəhətdən zəngin və müxtəlifdirlər. Onların içərisində ikihissəli, üçhissəli musiqi formalarının çeşidli növlərinə rast gəlmək mümkündür.
Azərbaycan musiqisinin folklorla yanaşı inkişaf edən digər mühüm sahəsi şifahi ənənəli peşəkar musiqidir. Vokal-instrumental aşıq yaradıcılığı bu musiqinin önəmli qoludur. "Aşıq" termini "eşq" sözündən yaranmış, sənətə, əsil gözəlliyə vurğunluq mənası daşıyır. Termin kimi təxminən 14-cü yüzillikdə yaranmışdır. Hələ qədim və orta əsrlərdə aşıqların varsaq, dədə, ozan kimi əjdadları olmuşdur. Onların həyat və yaradıcılığına həsr edilmiş ilk yazılı mənbə "Kitabi Dədə Qorqud"dur. Aşıq musiqi-poetik yaradıcılığı qəhrəmanlıq və vətənpərvərlik mövzuları ilə zəngin olub, xalqın istək və arzularını ifadə edir, poetik sevgi lirikasını vəsf edir. Onun tərkibinə məzmunca zəngin, formaca rəngarənk dastanlar və şerlər daxildir. Müxtəlif aşıq havaları bu formaların musiqi əsasını təşkil edir.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, təcnis və b. poetik formalara əsaslanır. 80-dən artıq ("Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi") aşıq havalarının ayrı-ayrı ərazi variantları mövcuddur.
Dastan aşıq sənətinin önəmli janrıdır. Çoxhissəli ədəbi-bədii musiqili əsər olan dastanda şer, nəsr və musiqi növbələşir. Aşıq yaradıcılığının kiçik formaları dastana daxil olub, onun tərkib hissəsi ola bilirlər.Dastanlar mövzu etibarilə müxtəlifdirlər: qəhrəmanlıq (Koroğlu), sevgi-məhəbbət ("Əsli Kərəm") dastanları və b. Aşıqların əsas musiqi aləti sazdır. Sazın əsas üç qrup simi kvarta-kvinta nisbətində köklənir. Lakin başqa interval nisbətləri də var. Aşıq musiqisinin melodiya və forma xüsusiyyətləri sazın bu quruluşu ilə bağlıdır.
Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şerin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (16-cı yüzillik), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci yüzillik), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (18-ci yüzillik), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu yüzillik) və b. keçmişin görkəmli aşıqlarındandır. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmranHəsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və b. fərqlənir.Aşıq sənəti Azərbaycan-nın Qazax, Tovuz, Şamaxı r-nlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.